Müşahidə Şurası



Azәrbaycan Milli Elmlәr Akademiyası (AMEA) Yüksәk Texnologiyalar Parkının Müşahidə Şurası

Sədr: Akademik Akif Ağamehdi oğlu Əlizadə

Üzvlər:

1. Akademik Dilqəm Bəbir oğlu Tağıyev

2. AMEA-nın müxbir üzvü Misir Cumayıl oğlu Mərdanov

3. AMEA-nın müxbir üzvü Əminağa Bəhmən oğlu Sadıqov

4. Siyasi elmlər doktoru Fətəli Nəriman oğlu Abdullayev

Müşahidə Şurası öz səlahiyyətləri hüdudlarında Cəmiyyətin ümumi yığıncaqlar arasındakı dövrdə onun icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirən orqandır. Şuranın üzvləri 5 il müddətinə AMEA tərəfindən təyin edilir. Onlar təkrar müddətə təyin edilə bilərlər. İcra orqanının rəhbəri Şuranın üzvü ola bilməz. Şuranın sədri Şuranın üzvləri arasından Şura üzvləri tərəfindən seçilir. Şuranın sədri Şuraya rəhbərlik edir. Şuranın  iclasları növbəti və ya növbədənkənar ola bilər. Şuranın növbəti iclasları ən azı üç ayda bir dəfə Şuranın sədri tərəfindən çağırılır. Şuranın növbədənkənar (fövqəladə) iclasları Cəmiyyətin maraqları tələb etdikdə Şura üzvlərinin  tələbi ilə, Şuranın sədri tərəfindən çağırılır. Şuranın tərkibi üzvlərinin sayının yarısına qədər azaldıqda, 30 (otuz) təqvim günü ərzində Şuraya yeni üzvlər təyin edilir. Şuranın iclaslarına çağırılma Şuranın sədrinin üzvlərə 3 (üç) təqvim günü qabaqcadan, iclasın yerinin, vaxtının, müzakirəyə çıxarılan məsələlərin göstərilməsi şərtilə, xəbərdarlıq göndərilməsi ilə həyata keçirilir. Şuranın iclası üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda Şura sədrinin səsi həlledici sayılır. Şuranın iclasının yekununda iclasın yerini, vaxtını, iştirakçılarını, gündəliyini, çıxışların xülasəsini, səsvermənin nəticələrini və qərarlarını əks etdirən protokol tərtib edilir. Protokol Şuranın sədri və katibi tərəfindən imzalanır. Cəmiyyətdə audit işinin təşkili üçün Daxili auditor təyin edilir. Daxili auditor AMEA-nın nəzarəti altında fəaliyyət göstərir və Cəmiyyətin rəhbərliyi ilə qarşılıqlı surətdə Cəmiyyətdə daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinin səmərəliliyinə fasiləsiz nəzarəti həyata keçirir. Daxili auditorun fəaliyyətinin standartları və qaydaları “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununa, AMEA-nın normativ sənədlərinə, Mərkəzi Bankın müvafiq normativ xarakterli aktlarına və beynəlxalq daxili audit standartlarına əsaslanır. Cəmiyyət AMEA ilə razılaşdırılmaqla illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il əmlak mənafeləri ilə Cəmiyyətə və ya onun təsisçilərinə bağlı olmayan peşəkar auditor cəlb edə bilər.